Wednesday, February 03, 2010



Xoşbəxtlik bir anlıqdır,
qısa an, dəqiqə, saniyə, çox qısa. dəlisovluğunu əsirgəmirsən,
özünü bir başqa hiss edirsən.
Tam bir sən yəni, başqa heç nə, istədiyin yerdə bütün nəfəsini toplayıb qışqıra,
istədiyin yerdə qaça, və ya toplu içində özünü ən axmaq biri kimi apara bilərsən.
Sadəcə rahat ol, rahat ol...
Hərdən isə o qədər susqun oluruq, küləyin səsini, yağışın torpağı bir bir,
dənə dənə öpməsini duyacaq qədər səssiz...
Qarşımızdaki insanın nəsə soruşacağı an iflic oluruq,
dodaqlarımızı ha tərpədirik yenə də səsimiz çıxmır.
Bütün gücümüzü toplayırıq yenə də barmaqlarımız tərpənmir.
Hərəkətsiz olub, yerimizdəcə qalırıq.
O an, bir tanımadığın biri belə səni əzizləsə bütün hər şeyinlə ona qaça bilərsən.
O qədər ehtiyac içincə oluruq ki, başımızı söykəmə çiyin axtarırıq.

Sevmək. Xoş səslənir amma bir vaxta qədər olur, dondurma kimi dadlı,
soyuqluğu dodaqlarını keyidir, sevgi beynini ələ aldığı kimi.
Hər şeyimizi atıb ona sığınırıq, hərdən bağrına basır, hərdən isə üz çevirir,
buna baxmayaraq sıxıntısını belə sevirik.

Qaçırıq, qaçırıq, daha da sürətli qaçırıq,
çatdığımızda heç nəyin fərqli olmadığına varıb üzümüzü geriyə çeviririk.
Axtardığımızı tapdıqdan sonra dahası maraqsız gəlir,
getdikcə bunun fərqinə varıb yorğunluğu hiss edirik.
Və sənin sevgin buna sığınmır. Çantasını toplayır, yavaş yavaş, yarı geriyə yarı irəli baxa baxa uzaqlaşır, yeni bir qəlbdə özünə, yeni bir sığınacaq kiralamağa yola çıxır.
O qədər gözəl hisslər yaşanır ki, sadəcə zamanın necə keçdiyini unuduruq.

Biz o qədər qəribəyik ki, özümüzü dərk etmədən ətrafımızı təmizləyirik.

Nə qədər kiçilmişəm, bunları yazmağım sadəcə sizi düşünməm idi, sizi tanımağımdı.
Siz o qədər yadlaşmısınız ki, bütün bu illər sizi unutmama bəs etmədi, hələ də unuduram, hər unutduğumda bu vərəqə, yazdıqlarımın üstünə yenidən yazacam, sonra yenidən, sonra qaralayacam, məndən sonra heç kəs oxuyub anlamasın deyə, və ya bir dəfəlik cırıb atacam.
Biz get gedə yadlaşırıq, get gedə uzaq oluruq.
Hamısın günahı sadəcə məndədi, sadəcə məndə...


(varlığı və yoxluğundan asılı olmayaraq, bəzi itirdiyim və hal hazırda yanımda olan insanlara ithaf olunur)

No comments:

Post a Comment