Hardasa on bir yaşım olardı ki, bərk qızdırma tutmuşdu məni. atam anam başımın üstünü kəsdirmişdilər, anam tez – tez dərindən ah çəkir, atam isə nə istəyib istəmədiyimi soruşurdu. Mən isə öz keyfimdə idim, gözlərimin içi deyilənə görə qızarmışd. Gördüyüm isə nə atam, nə də anam idi. Orta yaşlı bir kişini evin içində gəzişən görürdüm. Soruşmaq belə ağlımdan keçmirdi ki, ay dayı sən kimsən? Elə dayanmadan gəzirdi, arada bir gəlib gözümün içinə baxıb sonra isə çəkilirdi. Valideynlərim narahat olub həkimə müraciət edmişdilər, onlar da gəlib bir iynə vurdular ki, nə atam, nə anam, nə də ki o kişidən əsər əlamət qaldı. Hamısı bir ağ nöqtədə qeyb oldu.
Deyirlər insan il keçdikcə böyüyür, mən isə gec qalırdım. Kimi uşaqlarla oynadıqda məndən qaçırdılar ki, sən böyüksən, bizimlə oynamaq olmaz sənə, get öz taylarının yanında. Mən də dilxor olub kənarda otururdum. Hava qaralan kimi vaildeynlər öz uşaqlarını səsləyir və ya gəlib aparırdılar. Mən də ora bura baxıb maraqlı bir şey tapmadıqda həyətdəki bulaqda əl üzümü yuyub evə gedirdim. Valideynlərimi uşaqlardan fərqli olaraq acıqlandırmırdım, əksinə onlarla çox mehriban idim, hər axşam yatmamışdan ikisinin də yanaqlarından öpür, sonra isə yerimə uzanırdım. Səhər tezdən anamın hazırladığı gözəl naharın qoxusundan yerimdən dik atılır qaçırdım mətbəxə. Düzdü, o qədər də gözəl deyildi mətbəximiz, amma şükür, bizdən pis olanları da var idi. Sonra atam oyanar, yuyunar və nahar edib işə gedərdi. O qədər çox istəyirəm ki onları, yuxum da belə onları yanımda görürəm. Həqiqətən də valideyn müqəddəsdir.
Bir neçə il keçmişdi onların ölümündən, mən hələ də evə gəldiyimdə divardan asdığım şəkillərinə baxır, salam atam, anam deyib evə keçirdim. gecə yatmağa getməmişdən ayağımın altına stul qoyub qalxar, yanaqlarından öpərdim. Sən demə son illər bu belə imiş, mən onları uzun illər əvvəl itirmişəm, sadəcə indi indi bunu dərk etmişəm. Bir gün evə gəldiyimdə, qapının cırıltısının susmasından sonra anladım ki, illərdir mən tək qalıram bu evdə. Və hər səhər mənim naharımı hazır edən anam yox, qonşumuz Gülnarə xala imiş, uşaq vaxtından məni öz oğlu kimi saxlayar, bir dediyimi iki etməzmiş. Səhər əl üzünü yuyub nahardan sonra işə gedən isə onun böyük oğlu Fərid. Uşaq olarkən ona ata demişəm deyə bu cür qavramışam və mənə rahat olsun deyə heç kəs düzünü deməyib. O da mənim ki atasız böyüyüb sən demə, amma ana qoxusunun nə olduğunu o bir az da olsa bilir. Deyilənə görə uşaq vaxtı bərk xəstələnmişəm, tez tez yuxumda atamı görürmüşəm, anam isə səhərə yaxın çarpayımın kənarında oturub yanağımdan öpər və məni oyadardı ki, qalx nahar et. Bütün bunları düşünürəm, düşünürəm... İndi bütün qonşuların gözü məndədi, elə Gülnarə xalanında, Fəridində, hamısı gözlərini mənə dikiblər. Xəstəxana maşını da gəlib. Amma daha qızdırmam yoxdu, xəstə də deyiləm. Onlar aşağıda, mən isə yüksəklikdəyəm. İnsanlar həqiqətən də çox kiçikmiş. İndi mən özümü atacam bu yüksəklikdən, və yerə düşdükdə atamıda, anamıda görəcəm. Heç ağrı belə hiss etməyəcəm. Necə ki, indi.

Prince, həmişəki kimi yazın gərginliyi ilə fərqlənir. bir də, Little'liyin özünü biruzə verir. bu həvəskarlıq yox dəsti-xətt barəsində deyilmiş sözdür. indi isə bəzi mənə qüsur kimi görünən şeyləri vurğulamaq istəyirəm:
ReplyDelete1."Düzdü, o qədər də gözəl deyildi mətbəximiz, amma şükür, bizdən pis olanları da var idi." fikrimcə bu səhv yanaşmadı ya da səhv başa düşülür. elə bilki, sizin mətbəxinizin gözəlliyinə yox başqalarının mətbəxlərinin pis olmağına şükür edirsən.
2."O da mənim ki atasız böyüyüb sən demə" bunu isə sənin diqqətsizliyin kimi yox səbrsizliyin kimi vurğulayıram. çünki yazdığını qayıdıb ikinci dəfə oxusaydın bu səhvi görərdin.
Amma əvvəldə dediyim kimi ümumilikdə gözəl yazıdı. Hətta verdiyi təəssuratı da deyəcəm. elə bil ki, hansısa böyük romanın kiçik treyleridir.
Əziz qardaşım Little Prince'ə Mete'dən sevgilərlə.